Kişineu, 19 iyun, AZƏRTAC
Moldova və Azərbaycan arasında mədəni əlaqələrin inkişafında Azərbaycan diasporunun böyük xidmətləri var.
AZƏRTAC xəbər verir ki, bu fikri Moldova Azərbaycanlıları Konqresinin dəvəti ilə Kişineuda səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə görüşdə Moldovanın mədəniyyət naziri Jardan Kristian söyləyib.
Görüşdə Azərbaycanın mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Tural Səfərov və Təhmasib Atakişiyev də iştirak ediblər.
Görüşdə tərəflər mədəni əməkdaşlığın perspektivlərini müzakirə edib, fikir mübadiləsi aparıb və iki xalq arasında dostluğu möhkəmləndirmək üçün qarşılıqlı istəklərini bir daha təsdiqləyiblər.
Vurğulanıb ki, bu cür görüşlər xalqlar arasında körpülər quran canlı mədəniyyətlər dialoqudur.
Qeyd edək ki, nümayəndə heyətinin səfəri Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert çərçivəsində reallaşıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Leave a comment